Azərbaycanın elektron dərman kataloqu yaradılır

QAYNAR / None / 13.10.2012 19:01
Xəbəri paylaş
Bu xəbər 79 dəfə oxunub

Dermaninfo.az adlı yeni xəbər portalında oxucular bütün dərmanlar haqqında informasiya əldə edə biləcəklər QayNar: Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, o cümlədən dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanıb. Dərmanların elektron kataloqu dermaninfo.az adlı yeni xəbər portalına yüklənir. Bu barədə bizə dərmaninfo.az portalının rəhbəri və [...]


Dermaninfo.az adlı yeni xəbər portalında oxucular bütün dərmanlar haqqında informasiya əldə edə biləcəklər

QayNar: Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, o cümlədən dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanıb.


Dərmanların elektron kataloqu dermaninfo.az adlı yeni xəbər portalına yüklənir.


Bu barədə bizə dərmaninfo.az portalının rəhbəri və təşkilatçısı tibbi jurnalist Ramil Nəcəfli məlumat verdi. Xatırladaq ki, R.Nəcəfli eyni zamanda Azərbaycanın tanınmış tibbi-informasiya portalı olan saglamxeber.com saytının baş redaktorudur. Saytın rəhbəri qeyd etdi ki, elektron dərman kataloqu üzərində bu ilin May ayından iş aparılır: “Əvvəlcə biz bu sahədə dünya praktikasını öyrəndik. Xüsusən bizə yaxın olan Rusiya və Türkiyə təcrübəsini mənimsədik. Həmin ölkələrdə belə tip elektron kataloqları tibbi yönümlü media qurumları, peşəkar assosiasiyalar hazırlayır. Azərbaycanda dərmanların elektron kataloqunun olmaması acınacaqlı haldır. Günümüzdə olduqca aktuallıq kəsb edir. İnsanlar satışda olan dərmanlar haqda bilgi əldə edə bilmir. Apteklərdə və ya pərakəndə şəbəkələrdə çox dərmanlar satılır. Lakin bu dərmanın qanuni qeydiyyatda olub olmaması, orijinal və ya saxta üsulla istehsal edilməməsi barədə bilgi əldə etmək çox çətindir. Dərman məsələsi çox həssa mövzudur. İnsanların sağlamlığı ilə oynamaq təhlükəlidir. İnsanların bir güvəncəsi olmalıdır. Ölkəmizdə bildiyiniz kimi dərman ticarəti bazar iqtisadiyyatına uyğun olaraq özəl müəssisələr tərəfindən həyata keçirilir. Dövlət qurumları isə bu sahəyə nəzarət edir. İstər həkimlər, istərsə də dərman istehlakçılarının dərman firmalarının reklam etdiyi dərmanların haqqında hər şeyi öyrənmək haqqı və imkanı olmalıdır. Düşündük ki, bu məqsədə xidmət edən ən üstün vasitə məhs elektron dərman kataloqunun yaradılmasıdır. Öz potensialımıza arxalanaraq Səhiyyə Nazirliyinə müraciət edib belə bir məsuliyyətli yükü öz üzərimizə götürdük.Onu da deməliyəm ki, dərman kataloqunun hazırlanması “Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununnun” tələbidir.


Elektron kataloqun Azərbaycan dilində olmasını vurğulayan Ramil Nəcəfli təəssüflə bildirdi ki, sayta dərmanların haqqında Azərbaycanca informasiyaların yüklənməsi prosesində çətinliklər də var: Bildiyiniz kimi dərman vasitələrinin içliklərinin 2012-ci il İyul ayının 1-ə qədər milli dildə olması barədə Səhiyyə Nazirliyinin qərarı da var. Lakin bu günki gündə hələ xeyli sayda dərman preparatlarının içlikləri Azərbaycan dilinə tərcümə edilməyib. Ona görə də dərman şirkətləri və Səhiyyə Nazirliyi tərəfindən lazımi məlumatları tədricən almaqdayıq. Əksər firmalara müraciət etmişik. Yüklənmələr oktyabr ayından başlanıb. Hesab edirik ki, artıq 2012-ci ilin sonunda rəsmi qeydiyyatdan keçən 3700-ə yaxın dərman preparatı barədə hər cür bilgiləri əldə etmək dermaninfo.az-ın sayəsində mümkün olacaq. Hər kəs bu kataloqun yaradılmasını alqışlayır. Səhiyyə Nazirliyi də bu işimizi dəstəkləyir və təqdir edir. Bütün tanınmış elm xadimləri, xəstəxana rəhbərləri tərəfindən müsbət rəylər almışıq. Ancaq dərmanlar haqda milli dildə məlumatların yüklənməsi sürətlə getmir. Ümid edirik ki, Səhiyyə Nazirliyi bizə öz dəstəyini artıracaq. Nazirlik rəhbərliyi səviyyəsində olan görüşlərimizdə onlar bizə Səhiyyə Nazirliyinin informasiya bazasından yararlanmağa şərait yaratdılar. İnformasiya texnologiyalarının dərman sektorunda da geniş tətbiqinin vacibliyinin əhəmiyyətli olmasını dilə gətirdilər. Ümumiyyətlə əgər elektronlaşmış məlumatların Azərbaycanca bazası hazır olsa bu millətimizin və dövlətimizin ən ümdə maraqlarına xidmət edir.”


Bununla belə dermaninfo.az elektron dərman kataloqunnun daimi xidmət olduğunu vurğulayan sayt rəhbəri onu da bildirdi ki, kataloqa yükləmələr ardıcıql sistem üzrə gedir. Çətinliklər bir tərəfdən təbiidir. İçliklərin hazırlanması nə qədər sürətlə başa çatsa bizim yükləmələr də sürətlənəcək. İstənilən halda ölkəyə hər il yeni dərmanlar gətirilir. Bu kataloq tez-tez yenilənməlir.


R.Nəcəfli daha sonra bizə bildirdi ki, elektron dərman kataloqu həm də operativ xəbər portalıdır. Bu saytda ölkə gündəmində olan ən aktual xəbərlər, jurnalist araşdırmaları, ekspert rəyləri öz əksini tapacaq: “Biz yalnız əhalinin maraqlarını, istehlakçı hüquqlarını rəhbər tuturuq. Saytda ərzaq təhlükəsizliyi, qida əlavələri, tapılmayan dərmanlar, kosmetik vasitələr, müalicə standarları, əczaçılıq sektoru barədə ən son yeniliklər, dünyada və Azərbaycanda qadağan olunmuş dərmanlar öz əksini tapacaq. İstehlahçıların harda, necə, hansı yollarla aldadılması, satış şəbəkələrində dövlət qurumlarının və ictimaiyyətin gözündən yayınan faktları əhatə edən araşdırmalar da öz əksini tapacaq. Bilirsiniz ki, müvafiq dövlət qurumlarının işi çoxdur. Qeyri-hökümət təşkilatları və media qurumları vətəndaş cəmiyyətində aktual layihələri üzərinə götürməklə dövlət qurumlarının yükünü azaltmış olurlar. Biz də təbii ki, bu məqsədə xidmət edirik.”


Elektron dərman kataloqunun təşkilatçısı sosial şəbəkələrdə və dermaninfo.az saytına yalnız iri şirkətlərin dərmanlarının yüklənəcəyi barədə gedən söz-söhbətlərə də aydınlıq gətirdi: “Belə bir narahatçılığa əsas yoxdur. Bəzi xırda dərman firmaları narahat olurlar ki, onların gətirdikləri ticarət adları orda öz əksini tapmayacaq. Əgər onun dərmanı orda yoxdursa guya əhali tərəfindən qeyri-qanuni sayıla bilər. Qətiyyən belə düşünməsinlər. Saytın özəlliyi də budur ki, elekton kataloqda əlifba sırası ilə qeydiyyatlı bütün ticarət adları, hər bir dərman preparatı, bütün rəqiblər yer alacaq. Ayrıseçkilik ola bilməz. Elektron kataloq qeyri-kommersiya məqsədlidir və heç bir qrup maraqlarına xidmət etmir. Hər kəs bizə müraciət edib qısa bir müddətdə rəsmi və Səhiyyə nazirliyi tərəfindən yoxlanılmış məlumatları sayta təqdim edə bilər. Göstərilən müddətdə yükləmələr bitincə öz məlumatlarını gizlədən özəl strukturlar xəstəxanaların və istehlakçıların ictimai qınağına məruz qalacaqlar. Biz şəffaflığn və informativliyin əldə olunmasını birlikdə təmin etməliyik. Dermaninfo.az-da elekton dərman kataloqu bizim həyatımızın asanlaşmasına xidmət edir.”

// QayNar

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: info@newsmeeting.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map